REGİONLAR
Yeddi rayonu təmsil edən abituriyentlər Bərdədə imtahan veriblər
Bərdə, 22 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 22-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.
DİM-in Bərdə regional bölməsinin müdiri Samir Əliyev AZƏRTAC-a bildirib ki, Bərdə şəhərində keçirilən imtahanda bu rayondan, həmçinin Ağdam, Ağcabədi, Tərtər, Xocavənd, Beyləqan və Laçından olan 1241 abituriyent iştirak edib. Bərdə şəhər 5 və 6 nömrəli, həmçinin Ağdam 12 nömrəli (Bərdədə) tam orta məktəblərdə təşkil edilən imtahanlar 9 imtahan rəhbəri və 131 nəzarətçi-müəllim tərəfindən idarə olunub. Saat 11:00-da başlayan imtahanlar təlimata uyğun aparılıb və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.
Qeyd edək ki, iyulun 23-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.