REGİONLAR
Yeni avtomobil yolundan ilk istifadə edənlər ucqar dağ kəndinə gəlin aparan toy karvanının iştirakçıları oldular VİDEO
AZƏRTAC xəbər verir ki, yolun açılış mərasimində Quba rayonunun rəhbər şəxsləri, Milli Məclisin deputatları, “Azəryolservis” ASC-nin və rayon ictimaiyyətinin nümayəndələri, bu yoldan istifadə edəcək kəndlərin sakinləri iştirak edirdilər.
Mərasimdə çıxış edənlər Azərbaycanda aparılan uğurlu dövlət siyasətindən danışaraq, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları sayəsində bütün bölgələrimizdə böyük infrastruktur layihələri həyata keçirildiyini diqqətə çatdırdılar.
Bildirildi ki, Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında həyata keçirilib. İnşasına 2013-cü ilin mart ayından başlanılan yolun uzunluğu 23, eni 6 metrdir. Yola döşənən asfalt 5 və 7 santimetr olmaqla iki qatdan ibarətdir. Yolun sel sularından mühafizəsi üçün 50 suötürücü qurğu, 300 yol nişanı quraşdırılıb, 18-ci kilometrliyində eni 8, uzunluğu 12 metr olan yeni körpü tikilib.
Mərasimdə çıxış edən kənd sakinləri yeni yolun çəkilməsini əlamətdar hadisə adlandırıblar. Qeyd edilib ki, yol asfaltlanmamışdan əvvəl rayon mərkəzinə gediş-gəliş çətin olub. Sakinlər xüsusilə qış aylarında problemlərlə üzləşiblər. Yeni yol çəkildikdən sonra bütün çətinliklər arxada qalıb. Sakinlər əvvəllər avtomobillə bir saata getdikləri yolu indi təxminən 20-25 dəqiqəyə qət edə biləcəklər. Mərasim iştirakçıları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonda yolun açılışını bildirən rəmzi lent kəsildi və yol sakinlərin istifadəsinə verildi.
Açılış mərasimindən sonra Quba-Küpçal-Küsnət avtomobil yolundan ilk istifadə edənlər ucqar dağ kəndinə gəlin aparan toy karvanının iştirakçıları oldular.