SİYASƏT
Yeni Azərbaycan Partiyası 20 illik tarixində şərəfli yol keçmişdir
İsmayıllı, 8 noyabr (AZƏRTAC). Təşkilatçısı və qurucusu xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyev olan, Azərbaycanın xilası və nicatı üçün siyasi, ideoloji mənbəyə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasından 20 il keçir. Bu illərin zirvəsindən boylanıb ötən əsrin 90-cı illərinə nəzər yetirdikcə yəqin edirsən ki, həmin dövr üçün Heydər Əliyev dühası ilə formalaşan bir təşkilatın – Yeni Azərbaycan Partiyasının yaranması labüd və zəruri idi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının YAP-ın yaradılmasının 20 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndirilmişdir.
Çıxış edənlər Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan, partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişindən, qısa müddətdə bütün təhlükələri dəf edərək ölkəni inkişaf yoluna çıxarmasından ətraflı danışmışlar. Ulu öndərmizin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğu, sosial-iqtisadi sahələrdə böyük uğurlar qazanıldığı, dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrildiyi diqqətə çatdırılmışlar.
Tədbirdə 1993-cü ilin mart ayında yaradılan, bu gün 86 ərazi ilk partiya təşkilatında 7108 nəfər üzvü birləşdirən YAP İsmayıllı rayon təşkilatının fəaliyyətindən, rayonun ictimai-siyasi, sosial-mədəni həyatındakı fəal rolundan da ətraflı bəhs olunmuşdur. Qeyd edilmişdir ki, YAP rayon təşkilatı partiyanın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək rayonun, eləcə də respublikamızın daha da çiçəklənməsi naminə səy və bacarığını əsirgəməyəcəkdir.
Milli Məclisin deputatları Novruzəli Aslanov, Ərəstun Cavadov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov tədbirdə çıxış edərək partiyanın keçdiyi şərəfli yola nəzər salmışlar .
Yığıncaqda YAP sıralarına qəbul olunan bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilmişdir.