SİYASƏT
YENİ AZƏRBAYCAN PARTİYASI “EURONEWS”UN QƏRƏZLİ VERİLİŞİNƏ ETİRAZ ETMİŞDİR
Bakı, 1 dekabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası “Euronews” televiziya kanalına noyabrın 28-də efirə getmiş buraxılışı ilə əlaqədar etiraz məktubu ünvanlamışdır.
Etiraz məktubunda deyilir: “Qərb ölkələrinin bəzi aparıcı KİV-lərində zaman - zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıq-aşkar təcavüzkar Ermənistanın mövqeyini müdafiə edən informasiyalar yer alır. “Euronews” televiziya kanalının noyabrın 28-də efirə getmiş “Dağlıq Qarabağda dəyişiklik küləkləri” adlı verilişində növbəti dəfə qərəzli və qeyri-obyektiv yanaşma əsasında münaqişənin səbəblərini və həqiqətlərini erməni tərəfinin mövqeyinə uyğunlaşdırmaqla dünya və Avropa ictimai rəyini çaşdırmağa cəhd göstərilmişdir. Həmin proqramda Dağlıq Qarabağ “müstəqil dövlət”, qondarma qurumun rəhbəri Bako Saakyan isə bu “dövlətin prezidenti” kimi təqdim olunmuşdur. Bu az imiş kimi, bütün beynəlxalq sənədlərdə və nüfuzlu dünya təşkilatlarında Azərbaycanın ərazisi sayılan, Ermənistan Respublikası ilə heç bir coğrafi əlaqəsi olmayan Dağlıq Qarabağ Ermənistanın “ürəyi” adlandırılmışdır.
Yeni Azərbaycan Partiyası tarixi-siyasi faktların aşkar və kobud təhrifinə əsaslanan belə iddialara qəti şəkildə etirazını bildirir və telekanal rəhbərliyinin diqqətinə çatdırır ki, yuxarıda adı çəkilən qondarma qurum Ermənistanın Azərbaycana təcavüzü, onun ərazilərinin 20 faizinin (17,2 min kvadratkilometr) işğalı nəticəsində süni şəkildə və terrorçu-separatçı rejim kimi yaradılmışdır. Təbii olaraq, Dağlıq Qarabağ adlı qondarma dövlət dünyanın heç bir ölkəsi tərəfindən tanınmamışdır və gələcəkdə də onu belə bir perspektiv gözləmir. Qeyd etmək istərdik ki, BMT, ATƏT, Avropa Şurası və bir sıra beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamə və qərarlar qəbul etmişlər. “Euronews” kimi geniş yayımı olan telekanal rəhbərliyinin bundan xəbərsiz olduğuna inanmaq mümkün deyildir.
Qeyd etmək yerinə düşər ki, bu cür qərəzli, qeyri - obyektiv və əslində təxribat xarakterli verilişləri ilə “Euronews” kanalı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan nizamasalma prosesinə ciddi xələl gətirir, regionda sülhün, əmin-amanlığın və qarşılıqlı etimadın yaranmasına ağır zərbə vurur.
Azərbaycan cəmiyyətinin mövqeyini ifadə edərək, Yeni Azərbaycan Partiyası “Euronews” telekanalının rəhbərliyini belə həssas mövzuda proqram hazırlayarkən obyektiv olmağa dəvət edir və bildirir ki, bu səpkidə obyektivlikdən uzaq verilişlər onun imicinə ciddi xələl gətirir”.