SİYASƏT
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 15 İyun–Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirmişdir
Bakı, 13 iyun (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, YAP Gənclər Birliyinin sədri Seymur Orucov 1993-cü il iyunun 15-nin Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu demişdir. Qeyd etmişdir ki, bu günün fəlsəfəsini dərindən dərk edən, özünü millət, Vətən adına məsuliyyətli hesab edən hər bir gənc üçün çox əziz bir bayramdır.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov 1993-cü ilin iyun ayında hökumət böhranının ən acınacaqlı həddə çatdığını vurğulamışdır. Əlavə etmişdir ki, bu çətin vaxtlarda xalqı qırğından, səfalətdən, vətən torpaqlarını təhlükədən xilas etmək gücündə olan bir insan - Heydər Əliyev xalqına və dövlətinə sahib çıxmışdır. Ulu öndər Heydər Əliyev öz uzaqgörən və dahiyanə siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır durumdan xilas etmişdir. Z.Qaralov məhz buna görə Heydər Əliyevin 15 iyun tarixində hakimiyyətə qayıdışının Milli Qurtuluş Günü kimi qeyd olunduğunu söyləmişdir.
Tədbirin sonunda YAP Gənclər Birliyinin təşkil etdiyi, Milli Qurtuluş Günü ilə bağlı gənclərin əl işlərindən ibarət rəsm sərgisi keçirilmişdir. Sərgidə Rəssamlıq Akademiyasının tələbələrinin və fiziki qüsurlu gənclərin əl işləri nümayiş etdirilmişdir. Sərgidə fərqlənən gənclərə diplom və sertifikatlar təqdim olunmuşdur.