SİYASƏT
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olacaqdır
Bakı, 19 mart (AZƏRTAC). Bir neçə gün sonra Türkiyə Respublikasında bələdiyyə seçkiləri keçiriləcəkdir.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da seçkilərlə bağlı geniş təbliğat-təşviqat işlərinə başlamışdır.
Seçki öncəsi Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi təbliğat-təşviqat işində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri bu Türkiyəyə səfərə dəvət edilmişlər. Bu barədə YAP Gənclər Birliyindən AZƏRTAC-a məlumat verilmişdir.
YAP Gənclər Birliyinin sədri Seymur Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti “Bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının gənclik qollarının təcrübə mübadiləsi proqramı” çərçivəsində Türkiyədə səfərdə olacaqdır. Nümayəndə heyətinə YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Həsən Daşdəmirov, Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Hüseynov, YAP Yasamal Rayon Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev, Sabunçu Rayon Gənclər Birliyinin sədri Rəşad Abbasəliyev daxildir.
Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək bu səfər martın 22-də başlayacaq və 28-dək davam edəcəkdir.
Səfər çərçivəsində, həmçinin rəsmi görüşlərin təşkili, qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi proqramlarının mütəmadi olaraq həyata keçirilməsi ilə bağlı müzakirələr aparılacaqdır.