SİYASƏT
YENİ AZƏRBAYCAN PARTİYASI NƏSİMİ RAYON TƏŞKİLATINDA BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏR ÜÇÜN TRENİNQ KEÇİRİLMİŞDİR
Bakı, 21 noyabr (AZƏRTAC). Noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş partiya üzvlərinin seçki təcrübəsini və namizəd kimi səriştələrini artırmaq ücün treninq keçirilmişdir.
YAP rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova əvvəlcə tədbir iştirakçılarını xalqımızın həyatında mühüm rol oynamış gün - Yeni Azərbaycan Partiyasının yaranmasının 17-ci ildönümü münasibətilə təbrik etmişdir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasi təşkilatın müasir müstəqillik tariximizdə önəmli rolundan danışan sədr, regionun lider dövlətinə çevrilmiş Azərbaycanın əldə etdiyi uğurlarda YAP-ın özünəməxsus yeri olduğunu vurğulamışdır.
Sonra dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərindən danışan M.Həsənova, ölkəmizdə müxtəlif seçkilərdə YAP-ın böyük təcrübə qazandığını qeyd etmiş və bunun qarşıdan gələn seçkilərdə uğur üçün əminlik yaratdığını bildirmişdir. Qeyd olunmuşdur ki, rayon üzrə mövcud olan üç Dairə Seçki Komissiyası üzrə 19 partiya üzvünün namizədliyi irəli sürülmüş, onlardan 17-si qeydə alınmışdır.
Treninqdə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərdən, qarşıda duran vəzifələrdən, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, yerlərdə sosial problemlərin həllində onların rolu, seçkiqabağı təşviqat və təbliğat işinin təşkili məsələlərindən danışılmış, namizədlərə müvafiq tövsiyələr verilmişdir.
######