SİYASƏT
Yeni Azərbaycan Partiyasının 20 illiyi Quba rayonunda təntənəli surətdə qeyd edilmişdir
Quba, 16 yanvar (AZƏRTAC). Yanvarın 16-da Quba şəhərində Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri, YAP rayon təşkilatının fəalları iştirak etmişlər.
Yeni Azərbaycan Partiyasının fəalları və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev hakim partiyanın keçdiyi 20 illik şərəfli yola qısa nəzər salmış, bu siyasi qüvvənin əldə etdiyi uğurlar barədə danışmışdır. Qeyd olunmuşdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyinə yenicə qovuşmuş Azərbaycanda Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu obyektiv şəraitdən irəli gəlmişdir. Dahi siyasi xadim Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir partiyanın siyasi səhnəyə vəsiqə alması həm də 1988-ci ildən başlayaraq respublikada cərəyan edən hadisələrin yekunu, ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
Diqqətə çatdırılmışdır ki, 90-cı illərin əvvəllərində ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial gərginlik xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Məhz ona görə də Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq və xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında sıx birləşmək haqqında düşünürdülər.
Bildirilmişdir ki, 1992-ci noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş vermiş, Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Konfransda böyük siyasi xadim Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmişdir.
Tədbirdə YAP Siyasi Şurasının üzləri, yarandığı ilk günlərdən patiyanın sıralarına qoşulan fəallar çıxış edərək rayon təşkilatının üzvlərini əlamətdar yubiley münasibətilə təbrik etmiş, YAP-ın ümumxalq partiyasına çevrilməsində bu siyasi qüvvənin yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışlar.
Qeyd olunmuşdur ki, hazırda Yeni Azərbaycan Partiyasının fəal təşkilatlarından olan Quba rayon təşkilatının 5673 nəfər üzvü vardır. Onlardan 1500 nəfərini gənclər, 1650 nəfərini qadınlar təşkil edir. 2012-ci ildə rayonda partiya sıralarına 380 nəfər qoşulmuşdur. Təşkilat üzvləri rayonun ictimai-siyasi, iqtisadi həyatında fəal iştirak edirlər.
Tədbirin sonunda YAP rayon təşkilatının fəallarına fəxri fərmanlar, partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir.