SİYASƏT
Yeni Azərbaycan Partiyasının rəhbərliyi Novruz bayramı münasibətilə Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda olmuşdur
Bakı, 18 mart (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının rəhbərliyi Novruz bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatında olmuşdur.
Pansionatın yeni binası ilə tanış olan Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov burada yaradılan şəraitlə maraqlanmışdır. Qeyd edilmişdir ki, pansionatda yaşayan insanların yüksək şəraitlə təmin olunması istiqamətində bütün lazımi işlər görülmüşdür.
Pansionatın direktoru, Əməkdar Müəllim Qətibə Əsədova burada yaradılan şəraitlə bağlı məlumat vermişdir.
Sonra pansionatın sakinləri ilə görüşən Əli Əhmədov onları Novruz bayramı münasibətilə təbrik etmişdir. Əli Əhmədov demişdir ki, Azərbaycan dövləti xüsusi qayğıya ehtiyacı olan şəxslərə hər zaman diqqətlə yanaşır, onların rahat yaşamaları, ehtiyaclarının ödənilməsi üçün lazımi işlər görür.
Qeyd edilmişdir ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən ahıl insanlarla, qocalar evinin sakinləri ilə mütəmadi görüşlər təşkil edir. Bu pansionatda da YAP ildə bir neçə dəfə görüşlər keçirir, onların problemləri ilə maraqlanır, imkan daxilində kömək etməyə çalışır.
Əli Əhmədov demişdir ki, pansionatda yüksək şəraitin yaradılması, burada yaşayan insanların əhval ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, dövlətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, vətəndaşlara qayğıdan xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşılaşması üçün istifadə edilsin, o cümlədən qayğıya ehtiyacı olan insanlar diqqət mərkəzindən kənarda qalmasınlar.
Pansionat sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. Bildirmişlər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri onları da sevindirir, fərəhləndirir.
Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyasının bayram hədiyyələri təqdim olunmuşdur.
Görüşdə YAP icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva iştirak etmişlər.