SİYASƏT
“Yeni Azərbaycan” qəzeti redaksiyasında “Milli Qurtuluş gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də “Yeni Azərbaycan” qəzeti redaksiyasında “Milli Qurtuluş gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 20 il keçdiyini xatırlatmış, bu illərin ölkəmizin və xalqımızın həyatında böyük dəyişikliklərlə yadda qaldığını vurğulamışdır.
Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açmış, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrilmişdir. Hikmət Babaoğlunun fikrinçə, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək niyyətlərinin puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaratmışdır.
Daha sonra çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev 15 İyun - Milli Qurtuluş Gününün xalqımızın tarixində dönüş nöqtəsi olduğunu qeyd edərək demişdir: “15 iyun xalqımızın taleyində dönüş anıdır. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən, xaos və anarxiyadan, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edilmişdir. Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və möhkəmləndirilməsi istiqamətində atılan addımlar milli məfkurəyə əsaslandığı üçün Azərbaycana daim uğur gətirmişdir”.
“Dəyirmi masa”da çıxış edənlər Azərbaycan gənclərinin 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini lazımınca dəyərlədirdiklərini yüksək qiymətləndirmiş, Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevi hər zaman dəstəklədiklərini diqqətə çatdırmışlar.