DÜNYA
Yeni daxili işlər naziri: Gürcüstanda cinayətkarlara qarşı qətiyyətli mübarizə aparılacaq
Tbilisi, 3 avqust, AZƏRTAC
Gürcüstanda cinayətkarlara qarşı qətiyyətli mübarizə aparılacaq. Biz ölkədə ictimai sabitliyi təmin etmək üçün qanunla nəzərdə tutulmuş bütün tədbirləri görəcəyik.
Bu bəyanatla Gürcüstanın yeni daxili işlər naziri Qeorqi Mqebrişvili avqustun 3-də nazir səlahiyyətlərinin icrasına başlayarkən deyib.
Yeni nazir bildirib ki, qanunu pozan hüquq mühafizə orqanları işçilərinə qarşı da qanun çərçivəsində bütün zəruri tədbirlər görüləcək.
Qeyd edək ki, Gürcüstanın əvvəlki daxili işlər naziri Vaxtanq Qomelauri ölkədə yeni yaradılan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub. O da vəzifəsinin icrasına avqustun 3-dən başlayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi