ELM VƏ TƏHSİL
Yeni dərs ilində Şəmkirdə dörd yeni məktəb binası istifadəyə veriləcəkdir
Şəmkir, 31 mart (AZƏRTAC). Son bir neçə ildə Şəmkir rayonunda 62-dən artıq orta məktəb binası yenidən tikilmiş və əsaslı təmir olunmuşdur. Yeni tikilmiş 24 məktəbdən 6-sı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmişdir. Təkcə ötən il Abbaslı kəndində 480, Seyidlər və Qaralar kəndlərinin hər birində 180, Ceyrançöl kəndində 80, Düyərli kəndində 480 yerlik məktəb binaları inşa edilmiş, Günəşli kənd orta məktəbi isə əsaslı şəkildə təmir edilərək istifadəyə verilmişdir.
Rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski AZƏRTAC-a demişdir ki, hazırda Sabirkənd kəndində 960, Zəyəm qəsəbəsində 480, Qasım İsmayılov və Seyfəli kəndlərinin hər birində 360 yerlik yeni məktəb binalarında inşaat işləri sürətlə davam etdirilir. Yaxın vaxtlarda isə Dağ Cəyir və Yeni Göyçə kəndlərində yeni məktəb binalarının tikintisinə başlanacaqdır.