Yeni həftədə qlobal birjalarda indekslər geriləyib

Bakı, 23 oktyabr, AZƏRTAC
İsrail-Həmas müharibəsi fonunda qlobal bazarlarda qeyri-sabitlik yeni həftədə də davam edir.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, İsrailin yerüstü hərbi əməliyyatının gecikməsi xəbərləri bazar ertəsi birjaların açılışı zamanı “Brent” markalı neftin bir barel üçün qiymətinin 1,3 faiz azalmasına səbəb olub. Qızılın qiyməti isə 0,4 faiz azalaraq bir unsiya üçün 1,974 dollara düşüb. ABŞ-ın 10 illik təhvil faizi 4,97 faiz səviyyəsində qalıb, eyni zamanda, Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini 2024-cü ilin sonunadək artıracağı xəbəri maliyyə bazarlarında qeyri-müəyyənliyi artırıb.
FED-in açıqlamasında qeyd olunub ki, əsas məqsəd inflyasiyanın artmasının qarşısını almaqdır. Buna nail olmaq üçün pul siyasətində sərtləşmə də istisna olunmur.
Bu həftə maliyyə oynaqlığı “Microsoft”, “Google”, “Amazon” və “Boeing” kimi nəhəng şirkətlərin səhmlərində də davam edəcək. Avropa birjalarında isə diqqət Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqardın cümə axşamı günü verəcəyi açıqlamalar yönəlib. Ekspertlər hesab edirlər ki, AMB üç təməl faiz dərəcəsini sabit saxlayacaq, eyni zamanda, yeni açıqlamalar əmlak bazarına təsirsiz ötüşməyəcək. Ötən həftənin sonunda Almaniya (DAX), Fransa (CAC40), İngiltərə (FTSE100) və İtaliya (MIB30) birjalarında indekslər dəyər itkisi ilə yekunlaşıb.
Asiya birjaları yeni həftəyə satışla başlayıb, Çindəki bəzi şirkətlər barəsində araşdırma aparılması bu tendensiyanı daha da gücləndirib. Pekinin “Apple” şirkətinin ən mühüm ticari ortağı “Foxconn” firması ilə bağlı təhqiqata başlaması xəbəri Asiya birjalarında narahatlıq yaradıb. Yaponiyada isə dollar-yen kursunun 150 səviyyəsinə qalxması Tokio birjasında qeyri-müəyyənliyi artırıb. Belə ki, “Nikkei” birjasında səhmlər bazar ertəsi gününə 0,8 faiz azalma ilə başlayıb. Cənubi Koreya və Honkonq birjalarında da indekslər geriləyib.