İQTİSADİYYAT
“Yeni həyat” şirkəti gələn il Bakıda Avropanın ən böyük qapalı ailəvi əyləncə mərkəzini istismara verəcəkdir
Bakı, 20 dekabr (AZƏRTAC). Azərbaycanın inşaat sektorunda tanınmış şirkətlərdən olan “Yeni həyat” dekabrın 20-də “Hilton Baku” otelində Avropanın ən böyük qapalı ailəvi əyləncə mərkəzi layihəsinin təqdimatını keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə layihəni hazırlayan “Meridyen” Oyun Makinaları Pazarlama Ticarət Ltd şirkətinin baş direktoru Hüseyn Özalp çıxış edərək paytaxtın mərkəzində inşa olunan çoxfunksiyalı “Yeni həyat” kompleksində gələn ilin əvvəlində Avropanın ən böyük qapalı ailəvi əyləncə mərkəzinin istifadəyə veriləcəyini bildirmişdir.
Qeyd edilmişdir ki, ümumi sahəsi 10 min 539 kvadratmetr olan və “Megafun” adlanacaq bu əyləncə mərkəzi həm böyüklərin, həm də uşaqların birgə əylənib istirahət edə biləcəyi bir ailəvi məkana çevriləcəkdir. Mərkəzin əyləncə bölümündə 169 oyun aparatı, 13 simulyator, 17 attraksion, 7 kinoteatr, 1 buz meydançası və Azərbaycanda ilk dəfə 16 xətli boulinq zalı yer alacaqdır. Kompleksə mənzillər, ofislər, mağazalar, restoranlar və otel də daxildir.
“Megafun” ailəvi əyləncə mərkəzində ABŞ, Böyük Britaniya, İtaliya, İspaniya, Yaponiya, Koreya Respublikası və s. inkişaf etmiş ölkələrdən olan 20-dən çox istehsalçının ən müasir avadanlıqları quraşdırılacaqdır. Kompleks gündə 2 min nəfərə yüksək xidmət göstərə biləcəkdir.
Tədbirdə “Yeni həyat” şirkəti ilə “Meridyen” Oyun Makinaları Pazarlama Ticarət Ltd şirkəti, həmçinin əyləncə mərkəzində avadanlıqları tətbiq ediləcək dünya liderləri - Böyük Britaniyanın LAI GAMES, ABŞ-ın “Qubica AMF” və İspaniyanın “İntercard INC” şirkətləri arasında müştərək razılaşma sənədi imzalanmışdır.