DÜNYA
Yeni il gecəsi Fransada az maşın yandırılsa da, həlak olanların sayı artmışdır
Paris, 3 yanvar (AZƏRTAC). Yeni il gecəsi maşınların yandırılması Fransada ənənə şəklini almışdır. Ötən ildən fərqli olaraq Yeni il gecəsi ölkədə az maşın yandırılsa da, həlak olanların sayı artmışdır. Əgər 2012-ci ildə 1193 maşın yandırılaraq yararsız vəziyyətə düşmüşdüsə, 2013-cü ildə onların sayı 1067 olmuşdur. Beləliklə, ötən illə müqayisədə maşınların yandırılması hadisəsi 10, 6 faiz azalmışdır.
Bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yaymışdır.
Məlumatda bildirilir ki, qanun keşikçiləri ictimai asayişi pozan 322 nəfəri saxlamışlar.
Parisin məşhur Trokadero meydanında 20 yaşlı, Danmer şəhərində isə 21 yaşlı gənc soyuq silahla qətlə yetirilmişdir. İzer regionunun Sen-Martən-d’Heres yaşayış qəsəbəsində naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş 45 yaşlı şəxsin həyatına son qoymuşdur. Prodes şəhərində isə iki xala oğlu arasında baş verən mübahisə onların həlak olmaları ilə nəticələnmişdir. Alenson həbsxanasının gözətçisi isə naməlum şəraitdə dünyasını dəyişmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris