YENİ İLƏ YENİ ÜMİDLƏRLƏ
Bakı, 26 yanvar (AZƏRTAC). Cənub-Şərqi Asiyanın bəzi dövlətlərində olduğu kimi, Çin sakinləri də Yeni ili yanvarın 26-na keçən gecə qarşıladılar. Onlar Çin təqviminə görə “boz Öküz ili” sayılan bu Yeni ilə yeni ümidlər və amallarla qədəm qoyurlar. Bayram hədiyyələrini əvvəlcədən almağa macal tapmayanlar bu gün əjdaha, ilan fiqurları, rəngbərəng kağız fanarlarla bəzədilmiş küçə və meydanlardan keçərək mağazalara və ticarət mərkəzlərinə tələsirlər.
Bütün dünyanı cənginə almış iqtisadi böhrana baxmayaraq, çinlilər bayram hədiyyələri almağa xəsislik etmir, bunun üçün qalan pullarının hamısını xərcləməyə belə təəssüflənmirlər. Amma ənənəyə görə, burada təkcə uşaqlar üçün deyil, hər kəs üçün hədiyyə almaq lazımdır, yoxsa “sifətini itirərsən”, bu isə çinlilər üçün dözülməz haldır. Yeni il münasibətilə qohumlara, dostlara, qonşulara, iş yoldaşlarına, yanğınsöndürənlərə, həkimlərə, məmurlara, əvvəlki, indiki və gələcək biznes tərəfdaşlarına hədiyyə verilməlidir. Üstəlik, bayram münasibətilə seçilən hədiyyələr hökmən qoşa olmalıdır - iki çanta, iki bokal, iki vaza, iki fincan, iki köynək...
Yadımdadır, keçən il yayda ölkənin cənubundakı Quandun əyalətində olduğum zaman bizim qaldığımız beşulduzlu mehmanxanadakı suvenir mağazasında alıcılar gözə dəymirdi. Mağaza sahibindən bunun səbəbini soruşduq. Şux qamətli klerk gülümsəyərək cavab verdi: “Yəqin bahalıqdır. Eybi yoxdur, Yeni ili gözləyərik, onda piştaxtalar demək olar ki, boşalacaq...”
Bəli, hər yerin öz ənənələri var. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi xanım Se Mantsinin fikrincə, “Yeni ili necə qarşılasan, bütün ili elə keçirəcəksən” məsəli, çox güman ki, Çində yaranmışdır. O deyir: “Bizdə bu bayramı hökmən evdə qarşılayırlar. Ona görə, çinlilər bayram ərəfəsində harada olsalar da, bayram gecəsi öz evlərinə gəlməyə çalışırlar. Bu baxımdan, diplomatlar da istisna deyil, onlar öz məzuniyyətlərini bu vaxta salmağa çalışırlar”.
On gün davam edən Yeni il şənliklərində yüz milyonlarla çinli xaricdən Vətənə gəlir və geri qayıdır. Yolda minik dəyişmək zərurətini də nəzərə alsaq, həqiqətən astronomik rəqəm alınır - bu günlərdə təyyarə, avtobus və qatarlara 2 milyarddan çox bilet satılacaqdır.
Bayram süfrəsini əvvəlcədən hazırlayırlar. Yeni il süfrəsində əsas xörək Çin düşbərəsidir. Bunun əsas səbəbi odur ki, Yeni il gecəsində bıçaqdan istifadə etmək olmaz. Yerli inanca görə, bıçaqdan istifadə edənlər, özü də bilmədən, bıçaqla öz xoşbəxtliyini zədələyə bilərlər. Düşbərəni isə bıçaqsız yemək olar. Düşbərənin içinə qoyulan ərzaqın sayını isə yəqin ki, təkcə Konfutsi bilərmiş. Pekinli məşhur aşpaz Li Şuan 40-a yaxın düşbərə resepti bilir. Onun atası 80, babası 160 növ düşbərə bişirməyi bacarırmış və s. - bu rəqəmlər həndəsi silsilə qaydasında artır.
Yeni il bayramının ən maraqlı hissəsi küçə yürüşləridir. Bu mərasimlər zamanı minlərlə fanar yandırılır - Yeni ilin yolunu işıqlandırırlar. Çinlilər belə hesab edir ki, Yeni ilin dövrəsində şər qüvvələr dolaşır. Buna görə də onlar həmin şər qüvvələri qorxutmaq üçün fişənglərdən istifadə edirlər. Bəzən şər qüvvələri evə buraxmamaq üçün qapılara və pəncərələrə kağız yapışdırırlar. Yeni il süfrəsi yığışdırılandan sonra heç kəs yatmır: əks halda gələcək xoşbəxtliyini əldən verə bilərsən. Yeni il gecəsi oyaq qalmaq adəti belə də adlanır: "ili qorumaq".
Ənənəvi Çin təqviminə görə, Yeni ilin əvvəli yanvar ayında Ayın ilk dəfə göründüyü gecəyə düşür. Bu il həmin tarix yanvarın 25-dən 26-na keçən gecəyə təsadüf etdi. Sonra bütün ölkədə həyat sanki donur: “Qızıl həftə” - sakit ailə şənlikləri və xoş istirahət dövrü başlanır.