DÜNYA
Yeni kredit kartı sahibini fırıldaqçılardan qoruyacaqdır
Bakı, 14 yanvar (AZƏRTAC). Dynamics Inc şirkəti yeni kredit kartının prototipini təqdim etmişdir. Yeni kart saxta kartlar problemini həll etməyə imkan verəcəkdir.
Kart hər dəfə işə salındıqda məxfi kodunu dəyişir. Maqnit lentə yazılmış informasiya da dəyişilir. Buna görə də mövcud texnologiyaların köməyi ilə belə kartı saxtalaşdırmaq mümkün deyildir.
Yeni kredit kartı Las-Veqasda CES sərgisində nümayiş etdirilmişdir. Hazırda texnologiya Citibankda sınaqdan keçirilir.
Onlayn rejimində alış-veriş edərkən kartı işə salmaq üçün PIN kod yığılır. Sonra kartın üz tərəfində nömrə əks olunur. Bu nömrəni veb saytlarda təhlükəsiz daxil etmək olar.
Kredit kartı ölçüsünə görə adi kartı xatırladır. İçində kiçik batareya vardır. Həmin batareya ilə kart 3 il işləyir. Daily Mail xəbər verir ki, kart söndürüldükdə maqnit zolaqda artıq düzgün nömrə qalmır, buna görə də belə kartın oğurlanması mənasızdır.