ELM VƏ TƏHSİL
Yeni nəşr: “Sənətin izi ilə”
Bakı, 5 noyabr, AZƏRTAC
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rauf Sadıxovun “Sənətin izi ilə” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.
AZƏRTAC xəbər verir ki, kitabda ədəbiyyatşünas-tədqiqatçı Rauf Sadıxovun XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına, mətbuatına, publisistikasına, maarifinə həsr etdiyi məqalələr, habelə teatr tədqiqatlarına dair yazıları yer alıb. Eyni zamanda, nəşrdə müəllifin ayrı-ayrı görkəmli şəxsiyyətlər haqqında məqalələri və əsərlərə yazdığı rəylər də əksini tapıb.
Kitab “Ədəbiyyatşünaslığa dair məqalələr”, “Mətbuat, publisistika və maarif məsələləri”, “Resenziya və müqəddimələr”, “Teatr tarixinə dair məqalələr”, “Hacı İbrahim Qasımovun teatr resenziyalarından nümunələr”, “Şəxsiyyətlər”, “Axtarışlar, tapıntılar”, “Dissertasiya və avtoreferata yazılan rəylər” bölümlərindən və “İlyas Əfəndiyevin ilk dramlarının səhnə təcəssümü” monoqrafiyasından ibarətdir.
Akademik İsa Həbibbəyli kitaba yazdığı “Ömrün və elmin izləri” adlı “Ön söz”ündə alimin milli teatr və mətbuat tarixi sahəsində apardığı araşdırmalara yüksək qiymət verib.
Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu və sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadədir.