ELM VƏ TƏHSİL
Yeni nəşr: “XX əsrdə Azərbaycanda ərəb dilçiliyi”
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ərəb ədəbiyyatı üzrə tədqiqatçısı Könül Eyvazovanın “XX əsrdə Azərbaycanda ərəb dilçiliyi” monoqrafiyası çapdan çıxıb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Azərbaycan elm tarixində qədim köklərə malik olan ərəb dilçiliyindən, onun sistemli şəkildə inkişafı məsələlərindən bəhs olunur, bu prosesin tarixi mərhələləri təhlil edilir.
“Ərəb ədəbiyyatının Azərbaycanda yayılması və öyrənilməsi”, “Orta əsrlərdə Azərbaycanda ərəb dilçiliyi”, “Ərəb dilinə aid orta və ali məktəb dərslikləri” və digər dilçilik mövzularını əhatə edən yeni nəşr tələbə və tədqiqatçılar üçün dəyərli mənbədir.
Monoqrafiya Azərbaycanda ərəbşünaslığın banisi, Əməkdar elm xadimi, professor Ələsgər Məmmədovun xatirəsinə ithaf olunmuş elmi töhfədir.
Əsər XX əsrdə ölkəmizdə ərəb dilçiliyinin təşəkkülü, onun inkişаf istiqamətlərinin müəyyən edilməsi, öyrənilməsi və bu elmin inkişafında xidmətləri olan alimlərin yaradıcılığının araşdırılması sahəsində ilk təşəbbüsdür.