İQTİSADİYYAT
Yeni Şəhərsalma və Tikinti Məcəlləsində layihəçilərin məsuliyyəti artırılmışdır
Bakı, 14 yanvar (AZƏRTAC). Yanvarın 14-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən iclasda Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı memarların və layihə təşkilatlarının üzərinə düşən vəzifələr müzakirə edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan komitənin sədri Abbas Ələsgərov 2012-ci il iyunun 29-da Prezident İlham Əliyev tərəfindən imzalanmış Şəhərsalma və Tikinti Məcəlləsi haqqında qanunun cari ilin yanvarın 1-dən qüvvəyə mindiyini nəzərə çatdırmışdır. Məcəlləyə görə ən böyük dəyişikliklər tikinti, xüsusilə də layihə sahəsindədir.
Bütün layihələrin baş plana uyğun hazırlanmalı olduğunu söyləyən A.Ələsgərov layihəçilərin bu məsələyə ciddi əməl edəcəklərinə əminliyini ifadə etmişdir.
Şəhərsalma nəzarəti şöbəsinin müdiri Dilxoş Nuriyev qanunvericilikdəki bəzi maddələrlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, qanunda nəzərdə tutulmuş müddəaların icrasının təmin edilməsi üçün layihəçilərin də üzərinə böyük məsuliyyət düşür. Məcəllənin 48-ci maddəsinə toxunan natiq diqqətə çatdırmışdır ki, tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan yaşayış evlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Layihəçi tikinti layihəsinin bu Məcəllənin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və buna görə cavabdehlik daşıyır.
Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər.
Qanunun 57-ci maddəsində isə bildirilir ki, hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir.
Qanunda həmçinin tikinti obyektinin layihələndirilməsi və inşası ilə əlaqədar digər tələblər də öz əksini tapmışdır.
D.Nuriyev vurğulamışdır ki, Məcəllədə nəzərdə tutulmuş tələbləri pozan layihəçilərə maliyyə cərimələri tətbiq olunacaqdır.
Müzakirələrdə çıxış edənlər şəhərsalma və tikinti sahəsində qəbul edilmiş mütərəqqi qanunun icrasına dair görüləcək işlərdən danışmış, fikir mübadiləsi aparmışlar.