İQTİSADİYYAT
Yeni tikilən gəmiqayırma zavodu üçün avadanlıq vergidən azad olunmuşdur
Bakı, 5 avqust (AZƏRTAC). Azərbaycanda inşa olunan gəmiqayırma zavodu üçün xaricdən gətirilən mal və avadanlıq əlavə dəyər vergisi və gömrük rüsumundan azad edilmişdir.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, Azərbaycan ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısına dəyişiklik edilmiş və ƏDV-dən azad olunanların sırasına “beynəlxalq standartlara cavab verən su nəqliyyat vasitələrini istehsal edən strateji əhəmiyyətli sənaye müəssisələrinin tikintisi üçün layihə çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsdiqedici sənədləri əsasında idxal olunan mal və avadanlıq” da daxil edilmişdir. Digər qərarla isə adıçəkilən kateqoriyaya aid mallar və avadanlıq gömrük rüsumlarından da azad edilmişdir.
Hər iki qərar 2014-cü il yanvarın 1-dək qüvvədə olacaqdır.
Qeyd edək ki, Azərbaycanda gəmiqayırma zavodunun inşası və istismarı üzrə Anlaşma Memorandumu 2009-cu ilin noyabrında imzalanmışdır. Müəssisə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun şimal-şərqində inşa edilir. İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 300-350 milyon ABŞ dolları təşkil edəcəkdir. Zavodun tikintisinin 2,5-3 ilə başa çatdırılması nəzərdə tutulur.