DÜNYA
Yeni Zelandiya: zəlzələ ölkəyə 1,4 milyard dollar ziyan vurub
Bakı, 14 noyabr, AZƏRTAC
Yeni Zelandiyada ötən gün baş vermiş 7,9 bal gücündə zəlzələ nəticəsində ölkəyə dəyən ziyan hesablanır. Helikopterlə zərər çəkmiş ərazilərin üzərindən uçan Baş nazir Con Key zəlzələnin ölkəyə vurduğu ziyanın təxminən 1,4 milyard ABŞ dolları həcmində ola biləcəyini deyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub. Yeraltı təkanlar iki metr hündürlündə sunami yaradıb. Çayların üzərində tikilən bəndlər uçub, bu səbəbdən daşqınlar və torpaq sürüşmələri baş verib. Hökumət sahilyanı ərazilərdə yaşayan insanlara hündür yerlərə qalxmaları barədə xəbərdarlıq edib.
Zəlzələnin episentrindən 200 kilometr şimalda yerləşən paytaxt Vellinqtonda 60 bina zədələnib.
Qeyd edək ki, noyabrın 14-də səhər saatlarında ölkənin Cənub adasında 6,2 bal gücündə yeni təkanlar qeydə alınıb.