DÜNYA
Yeni Zelandiyada karton kilsənin tikintisinə başlanmışdır
Bakı, 18 aprel (AZƏRTAC). Yeni Zelandiyanın 2011-ci ilin fevralında baş vermiş zəlzələdən güclü ziyan çəkmiş, böyüklüyünə görə üçüncü şəhəri Kraystçerçdə yeraltı təkanın məhv etdiyi daş kilsəni əvəzləyən karton kafedral kilsənin bünövrəsi qoyulmuşdur.
Anqlikan kilsəsinin başçısı Kreyq Diksonun sözlərinə görə, hündürlüyü 25 metr olacaq müvəqqəti tikilinin onun normal işləməsi üçün 154 karton boru lazım gələcəkdir.
Müqəddəs ata qeyd etmişdir ki, inşaatçılar yeni qeyri-adi konstruksiyanı ucaltmaq üçün polad və betondan imtina edə bilməyəcəklər. Nəticədə kilsə binası həm sukeçirməyən, həm də odadavamlı olacaqdır.
Xatırladaq ki, 2011-ci il fevralın 22-də baş vermiş 6,3 bal gücündə zəlzələ 185 adamın ölümünə səbəb olmuşdur.
Yeni Zelandiyanın Cənub adasının ən iri şəhəri sayılan Kraysçerçin mərkəzi hissəsinə güclü ziyan vuran zəlzələ son 80 ildə ölkədə ən ağır təbii fəlakət sayılır.