DÜNYA
Yeni Zelandiyada xarici ölkə vətəndaşlarına ev satışı məhdudlaşdırılıb
Bakı, 15 avqust, AZƏRTAC
Yeni Zelandiya parlamenti evlərin xarici ölkə vətəndaşlarına satılmasını məhdudlaşdıran qanun qəbul edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yeni qaydalara əsasən, əcnəbilər burada ev almazdan öncə sövdələşmənin ölkəyə xeyir gətirəcəyini sübut edərək xarici investisiyalar üzrə yerli idarənin razılığını almalıdır. Məhdudiyyətlər Avstraliya və Sinqapur vətəndaşlarına şamil olmayacaq.
“The Financial Times” nəşrinin məlumatına görə, əhalisi 4,7 milyon nəfərə çatan Yeni Zelandiyada evlərin qiyməti son on ildə 60 faiz bahalaşıb. Bununla yanaşı, əhali arasında evə malik olanların payı isə 70 ildə ən minimum həddə enib.
Ticarət naziri Devid Parker ötən kvartalda Oklend şəhərindəki evlərin 20 faizinin və ölkədə ən bahalı daşınmaz əmlakın olduğu Kuinstaun gölləri rayonundakı evlərin 10 faizinin xarici ölkə vətəndaşları tərəfindən satın alındığını bildirib. Qanunun əleyhdarları isə evlərin satışına qoyulan məhdudiyyətlərin ölkənin tikinti sahəsinə investisiyaların azalmasına gətirib çıxaracağını deyirlər. Buna baxmayaraq, 2017-ci ildə keçirilən sorğunun nəticələrinə əsasən, Yeni Zelandiya əhalisinin 72 faizi torpaqlara xarici ölkə vətəndaşlarının nəzarətinin sərtləşdirilməsini dəstəkləyir.