ELM VƏ TƏHSİL
Yer Elmləri üzrə Problem Şurasının iclasında dissertasiya mövzuları müzakirə olunub
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Yer Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
İclasda Problem şurasının üzvləri, elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.
AMEA-nın vitse-prezidenti, problem şurasının sədri, akademik İbrahim Quliyev çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Bildirib ki, tədbir respublikanın müxtəlif ali məktəbləri, elmi tədqiqat müəssisələri, eyni zamanda, AMEA-nın institut və təşkilatlarından daxil olmuş elmlər və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi məsələlərinə həsr edilib.
Sonra 3 elmlər və 7 fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş dissertasiya mövzuları təqdim olunub. Hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iddiaçılar problem şurası üzvlərinin suallarını cavablandırıblar.