MƏDƏNİYYƏT
Yetmiş yaşlı rəssamın sənət dünyası
Oktyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar Rəssam Arif Ələsgərovun 70 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev sərginin əhəmiyyətindən, rəssamın sənət dünyasından, özünəməxsus yaradıcılıq axtarışlarından söz açıb.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirilib ki, Arif Ələsgərov Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə böyük töhfələr verib, qrafika və rəngkarlıq sahəsində özünəməxsus dəsti-xətti ilə tanınıb. Xüsusilə qrafika sənəti ənənələrinin yaradıcı surətdə davam və inkişaf etdirilməsi, milli dəyərlərin, ədəbi irsin və qədim ənənələrin təbliği onun yaradıcılığının əsas xüsusiyyətləridir. Uzunmüddətli bədii fəaliyyəti dövründə təkrarsız üsluba malik rəssam çoxsaylı əsərlər yaradıb, 1972-ci ildən etibarən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə mütəmadi olaraq iştirak edərək, bir çox mükafatlara layiq görülüb.
Yubilyarı təbrik edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov həmkarları haqqında ən səmimi sözlərini söyləyib, onun sənətini yüksək qiymətləndiriblər.
Əməkdar Rəssam Arif Ələsgərovun Sankt-Peterburq Rəssamlıq Akademiyasını bitirməsindən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent kimi fəaliyyətindən, Rəssamlıq Akademiyasında kafedra müdiri vəzifəsində çalışaraq professor elmi adını almasından söz açılıb.
Vurğulanıb ki, 2008-ci ildən Türkiyənin Karadeniz Texnik Universitetində rəssamlıq fakültəsinin kafedra müdiri kimi fəaliyyət göstərən A.Ələsgərov bu gün də yaradıcılıq axtarışlarını davam etdirir.
Qeyd edilib ki, o, həm də bir sıra dərsliklərin müəllifi kimi gənc nəslin sənəti dərindən mənimsəməsinə çalışır.
Sonda iştirakçılara minnətdarlığını bildirən Arif Ələsgərov Vətəndən uzaqlarda yaşamağına baxmayaraq, hər zaman Azərbaycanı düşündüyünü, uğurlarımızla fəxr etdiyini, bundan sonra da fırçasını yaxşı əsərlər naminə işlədəcəyini söyləyib.
Sonra tədbir iştirakçıları yubiley sərgisi ilə tanış olublar.
Oktyabrın 21-dək davam edəcək sərgidə rəssamın “Güləş”, “Kəndirbazlar”, “İçərişəhər”, “Köhnə Bayıl”, “Xatirələr”, “Füzuli dünyası”, “Payız”, “Ərzurum” və digər əsərləri maraqla qarşılanıb.