İQTİSADİYYAT
Yevlax rayonunun qazla təminatı yaxşılaşdırılır
Yevlax, 31 oktyabr (AZƏRTAC). Yevlax rayonunda əhalinin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir.
Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə rayonun Varvara, Cırdaxan, Ağqıraq, Balçılı kəndlərinə təbii qaz verilmişdir. Hazırda Salahlı kəndinin qazlaşdırılması işləri başa çatmaq üzrədir. Bünyadabad və İsmayılabad kəndlərinin “mavi yanacaq”la təminatı istiqamətində tədbirlər görülür.
Şəhərdə və bir sıra kəndlərdə paylayıcı qaz xətlərinin təmir olunması və yeni qaz sayğaclarının quraşdırılması işləri davam etdirilmişdir. 5,9 kilometr uzunluğunda qaz xətləri əsaslı təmir olunmuş, 2 min 466 sayğac həyətlərdən kənara çıxarılmış və yeniləri ilə əvəz edilmişdir. Cari ildə 12,9 kilometr orta təzyiqli daşıyıcı və 23,9 kilometr paylayıcı qaz xətləri çəkilmişdir. Hazırda şəhərin şərq hissəsində, Nizami prospektindən 31-ci məhəlləyədək mövcud qaz xətti iri diametrli boru ilə əvəzlənir.