REGİONLAR
Yevlaxda ağsaqqallarla görüş keçirilib
Yevlax, 7 noyabr, AZƏRTAC
Yevlax şəhərində rayon ağsaqqalları ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyevin iştirakı ilə keçən görüşdə ictimai-siyasi həyatda, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların fəal rolundan bəhs edilib. Ağsaqqallara, zəngin həyat və iş təcrübəsi olan insanlara daim ehtiyac olduğunu bildirən Anar Tağıyev deyib: "Harada ağsaqqal var, orada xeyir bərəkət var. Prezident İlham Əliyev də çıxışında qeyd edib ki, idarəetmədə kadr islahatları gedir, kadrlar gəncləşir. Amma bu, o demək deyildir ki, orta, yaxud yaşlı nəsil yaddan çıxsın. Daim nəsillər arasında sintez olmalıdır".
Şəhər icra hakimiyyətinin başçısı bildirib ki, məqsədi hər bir vətəndaşın qeydinə qalmaq, onların yanında olmaqdır. Odur ki, hər bir rayon sakini, o cümlədən ağsaqqallar mövcud çatışmazlıqlar barədə fikir və təkliflərini bildirməlidirlər.
Rayon Ağsaqqallar Şurasının sədri Knyaz Əliyev, Ziyalılar Cəmiyyətinin sədri Qiyas Quliyev, Əməkdar müəllim Əmiraslan Bəşirov və digər ağsaqqallar çıxış edərək, əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstəklərini bildiriblər. Yaşlı nəslin nümayəndələri əldə edilən uğurlarla yanaşı, mövcud problemlərdən də bəhs edib, Yevlax şəhərinin bəzi küçələrində işıqlandırma sisteminin bərpa edilməsi, avtomobillərin surətinin tənzimlənməsi, 5 nömrəli tam orta məktəb üçün yeni binanın tikilməsi və digər təkliflər səsləndiriblər.