REGİONLAR
Yevlaxda daha bir küçə abadlaşdırılıb
Yevlax, 13 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi, Yevlaxda da abadlıq quruculuq işləri davam etdirilir. Şəhərin küçə və prospektləri təmir edilir və asfatlanır, bardürlər düzülür, kənd yolları yenidən qurulur, yolların kənarlarına həmişəyaşıl kollar əkilir, sakinlərin asudə vaxtlarının xoş keçirmələri üçün yeni parklar salınır, çoxmənzilli yaşayış binalarının həyətləri abadlaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax şəhərinin Molla Vəli Vidadi küçəsində də əsaslı təmir işləri həyata keçirilib. İndiyədək bu küçədə heç bir əsaslı təmir aparılmaması səbəbindən küçənin hərəkət hissəsində deformasiyalar əmələ gəlmiş, nəticədə sakinlərin və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı. Uzunluğu 1200 metr olan 2 hərəkət zolaqlı küçəyə 2 qatdan ibarət 17 min kvadratmetr yeni asfalt örtüyü salınıb, yol kənarına 2700 poqonometr uzunluğunda yeni səki daşları düzülüb. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Piyada səkilərinə 2500 kvadratmetr asfalt örtüyü vurulub.