REGİONLAR
Yevlaxda elektrik təsərrüfatı yenidən qurulur
Yevlax, 20 iyul, AZƏRTAC
Yevlax rayonunda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər görülür.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari ildə rayonun Qaraməmmədli, Salahlı, Balçılı, Nərimanabad və Varvara kəndlərində elektrik xətlərinin 254 ədəd köhnə dayaqları yeni dəmir-beton dayaqlarla əvəz edilib. Salahlı və Balçılı kəndlərində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb.
Rayonun Havarlı, Hacıselli, Marzılı, Bəydili, Gülövşə, Əkşəm, Aşağı Salamabad, Yuxarı Salamabad, Yenicə, Əcəmi kəndlərində elektrik təsərrüfatının yenidən qurulması işləri aparılır. Həmin kəndlərdə 0,4 kVa-luq elektrik verilişi hava xətlərinin 1676 ədəd dayağı metal dayaqlarla, 26,5 kilometr elektrik naqili SİP kabellə əvəz edilib, 16 ədəd kompleks transformator məntəqəsi quraşdırılıb. Bu kəndlərə Mingəçevir yarımstansiyasından elektrik enerjisi ötürən 6 kVa-luq 14 və 54 nömrəli fiderlərin 1081 ədəd elektrik dayağı dəyişdirilib, 28,8 kilometr naqil yenisi ilə əvəz edilib.