İQTİSADİYYAT
Yevlaxda tikinti-quruculuq və abadlıq işləri davam etdirilir
Yevlax, 28 noyabr (AZƏRTAC). Yevlax rayonunda tikinti-quruculuq, abadlıq işləri davam etdirilir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə Qarabağ müharibəsi əlliləri və şəhid ailələri üçün 4 mərtəbəli 36 mənzilli, qəza vəziyyətində olan binalarda yaşayan ailələr üçün isə 4 mərtəbəli 20 mənzilli binaların, 235 çarpayılıq regional klinik xəstəxananın, regional informasiya mərkəzinin, Mərkəzi Bankın Yevlax Ərazi İdarəsi və Ehtiyatların İdarəetmə Mərkəzinin, Beynəlxalq Bankın Yevlax filialının, maliyyə idarəsinin, Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin, avtovağzal kompleksinin, uşaq gənclər idman məktəbinin üzgücülük hovuzunun, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Yevlax birləşmiş texniki şöbəsinin, “Lalə-Tekstil” MMC tikiş fabrikinin ikinci növbəsinin, şəhər təhsil şöbəsinin inzibati binasının, şəhərdə 960 yerlik 2 nömrəli və Aran qəsəbəsində 360 yerlik orta məktəb binalarının, Kür çayı sahilində 2 kilometr uzunluğunda bulvar-istirahət kompleksinin, 5 ulduzlu hotelin tikintisi, dəmiryol vağzalı binasının yenidən qurulması işləri davam etdirilmişdir.
Rayonda geniş abadlıq işləri aparılmış, şəhərdə Qala kompleksi və acıq havada muzey istifadəyə verilmiş, 216 işıqlandırma dayağı quraşdırılmışdır. Şəhərin küçə və meydanlarına, magistral yolların kənarlarına 66,9 min müxtəlif ağac, 250 min dekorativ ağac əkilmişdir. Səməd Vurğun parkında, Aran qəsəbəsində “İpək yolu”nun kənarında 1,1 kilometr ərazidə istirahət zonasında tikinti işləri aparılmışdır. Aran qəsəbəsində abadlıq işləri davam etdirilmiş, 164 işıqlandırma nöqtəsindən ibarət işıqlandırma xətti çəkilmişdir. Muğanlı-Yevlax avtomibil yolunun rayon ərazisindən keçən hissəsinin 11 kilometrinin tikintisi başa çatdırılmışdır. “İpək yolu”nun Aran qəsəbəsi hissəsində tikinti işləri davam etdirilir.
Hazırda Nizami prospektində və C.Mustafayev küçəsində abadlıq işləri aparılır, istinad divarları tikilir, divarlara üzlük daşlar çəkilir. Bakı-Ələt-Qazax avtomobil yolunun kənarında geniş abadlıq işləri görülür, istinad divarları, qala bürcləri tikilir və yaşıllıqlar salınır.
Varvara Su Elektrik Stansiyasının ətrafında olan təhlükəli vəziyyətlə bağlı ərazidə geniş bənd bərkitmə və digər texniki tədbirlər görülməsinə də başlanılmışdır.