REGİONLAR
Yevlaxda toxumçuluğun inkişafına həsr olunmuş regional müşavirə keçirilmişdir
Yevlax, 4 iyul (AZƏRTAC). Yevlax şəhərində Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Toxum Müfəttişliyinin təşkilatçılığı ilə Nazirlər Kabinetinin 2013-cü il 12 fevral tarixli iclasında Prezident İlham Əliyevin taxılçılığın və toxumçuluğun inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icra vəziyyətinə həsr olunmuş regional müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Azərtoxum” MMC toxumçuluq müəssisəsində keçirilən müşavirədə 21 rayonun dövlət toxum müfəttişliyinin, Tovuz, Ucar, Samux və Bərdə ərazi kənd təsərrüfatı idarələrinin əhatə etdiyi rayonların toxumçuluq və fermer təsərrüfatlarının rəhbərləri iştirak etmişlər.
Müşavirədə Dövlət Toxum Müfəttişliyinin rəisi Mikayıl Zeynalov çıxış edərək Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqindən irəli gələn vəzifələrin icrası, yerlərdə toxumluq sahəsində abrobasiyaların aparılması, toxumların təmizlənməsi və kondisiyaya çatdırılması ilə bağlı həyata keçirilən tədbirlərdən danışmışdır. Bölgələrdə toxum fondunun yaradılması, əhalinin və fermerlərin yüksək məhsuldar toxumla təmin olunmasının vacibliyi qeyd olunmuş, onların bu sahədə “Azərtoxum” MMC-nin imkanlarından yararlanması tövsiyə edilmişdir.
Müşavirədə Kürdəmir, Göygöl, Ucar, Beyləqan rayonlarının toxum müfəttişliyinin rəislərinin hesabatları dinlənilmiş, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonra müşavirə iştirakçıları “Azərtoxum” MMC-nin istehsal sahəsi ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, “Azərtoxum” MMC əhali və fermerlərin super elit, elit və digər yüksək reproduksiyalı taxıl toxumları ilə təmin edilməsi, yemlik günəbaxan, qarğıdalı və soya bitkilərinin yetişdirilməsi məqsədilə yaradılmışdır. Ölkədə yeganə inteqrasiya olunmuş toxum təsərrüfatı kompleksi saatda 9 ton toxum təmizləmək və 36 ton toxum qurutmaq, 30 min ton toxum saxlamaq imkanına malikdir. Müəssisədə toxum materialı abrobasiya olunur, təmizlənərək yüksək kondisiyaya çatdırılır, dərmanlanır, qablaşdırılır və lazım olan rejimdə saxlanılır. Bütün proseslər ən yeni texnologiyalar əsasında həyata keçirilir. “Azərtoxum” MMC-də bu il toxumluq məqsədi ilə 12 min hektar sahədə taxıl əkilmişdir və 30 min ton toxum istehsalı proqnozlaşdırılır.