REGİONLAR
Yevlaxda yeni park istifadəyə verilib
Yevlax, 15 noyabr, AZƏRTAC
Yevlax rayonunun Balçılı kəndində “Hər kənddə bir park” layihəsi çərçivəsində yeni park inşa edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarım hektar ərazidə inşa olunan parkda yaşıllıqlar salınıb, oturacaqlar qoyulub, uşaqlar üçün oyun, gənclər üçün idman qurğuları quraşdırılıb. Park gecə işıqlanması sistemi ilə təmin edilib. Parkda Balçılı kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidi Yaqub Nəbiyevin və Vətən müharibəsi şəhidi Mikayıl Əlibəylinin xatirəsinə bulaq tikilib.
Parkda 1300 nəfərədək sakini olan Balçılı kəndi ilə yanaşı, yaxınlıqdakı Salahlı, Ağqıraq və Varvara kəndlərinin sakinləri də asudə vaxtlarını səmərəli keçirəcəklər.
Parkın açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, kənd sakinləri, ziyalılar, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid ailələri, qazilər və digər sakinlər göstərilən diqqət, qayğıya və yaradılan şəraitə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.