İQTİSADİYYAT
Yoiçhi Kobayashi: Azərbaycanın neft-qaz sənayesində nəzərəçarpacaq uğurlar qazanılıb
Dövlət Neft Şirkətinin (ARDNŞ) liderliyi ilə Azərbaycanın neft-qaz sənayesində nəzərəçarpacaq uğurlar qazanılıb. Yaponiya şirkətləri Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq əhəmiyyətli layihələrdə iştirak etməkdə maraqlıdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirləri Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlıq komitəsinin sədri, “İtoçu” korporasiyasının icraçı vitse-prezidenti Yoiçhi Kobayashi oktyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşündə səsləndirib.
Y.Kobayashi təmsil etdiyi “İtoçu” korporasiyasının Azərbaycanla artıq 20 ilə yaxındır ki, sıx əməkdaşlıq etdiyini və həm neft, həm də qeyri-neft sektorunda müxtəlif layihələrdə tərəfdaş olduğunu deyib. O, həyata keçirdikləri beynəlxalq layihələr arasında “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə xüsusi etimad göstərildiyini nəzərə çatdırıb və “İtoçu”nun digər neft-qaz layihələrində də iştirakda maraqlı olduğunu bildirib.
ARDNŞ-in prezidenti R.Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələrdən söz açıb, qısa müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sisteminin yaradıldığını deyib. “İtoçu” korporasiyasının Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən razılıqla söz açan R.Abdullayev birgə layihələrin icrasının bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib. O, ARDNŞ-in idarəçiliyində olan “Petkim” neft-kimya kompleksinin nəzdində layihə gücü ildə 10 milyon ton təşkil edəcək “STAR” neft emalı zavodunun inşasında birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Görüşdə “İtoçu” ilə ARDNŞ arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli imkanların mövcudluğu qeyd edilib, həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.