CƏMİYYƏT
Yol-nəqliyyat hadisəsi törədərək qəza yerindən yayınmaqda şübhəli bilinən sürücülər saxlanılıblar
Bakı, 8 oktyabr, AZƏRTAC
Yol-nəqliyyat hadisəsi törədərək qəza yerindən yayınmaqda şübhəli bilinən şəxslər polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 6-da saat 21 radələrində Bakı şəhər sakini Novruz Abbasovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Araşdırmalar nəticəsində həmin şəxsin Hökməli qəsəbəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə qəzanın “KamAZ” markalı avtomobillə törədildiyi müəyyənləşdirilib. Həmin nəqliyyat vasitəsini idarə edən Laçın rayon sakini Cəbrayıl Səfərov saxlanılıb.
Oktyabrın 6-da saat 20 radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində yolu keçən kənd sakini Abdulrəhman İbiyevin müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayon polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyənləşdirilib. Hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü, Bakı şəhər sakini Oqtay Mirzəyev polis əməkdaşları tərəfindən yaxalanıb.
Sabunçu rayonunun Məhəmmədi qəsəbəsində Anar Cəlalinin oktyabrın 6-da saat 21 radələrində avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə Sabunçu rayonundakı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək qəza yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Aqil Salmanov tutulub.
Oktyabrın 7-də saat 21 radələrində Səbail rayonunun A.İsmayılov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Sədrəddin Şahməmmədov vurulub. Piyada xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınmaqda şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Elmin Əhmədli saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.