CƏMİYYƏT
Yol polisi qaydaları pozan piyadalara qarşı profilaktik tədbir keçirib
Bakı, 20 sentyabr, AZƏRTAC
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan piyadalarla maarifləndirici söhbətlər aparılıb. Tədbir zamanı piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da saxlanılıblar. Həmin şəxslərlə maarifləndirici söhbətlərdə onlara yeraltı və yerüstü keçidlərdən istifadə etməyin bütün hərəkət iştirakçılarının təhlükəsizliyinə xidmət etdiyi bildirilib.
Tədbir zamanı yol polisi tərəfindən avtobus dayanacağını zəbt edən sürücülər də müəyyən edilib. Həmin sürücülərin bəziləri yol polislərinin xəbərdarlığından sonra yol verdikləri qayda pozuntularını anlayaraq nəqliyyat vasitələrini avtobus dayanacağından çıxarıblar. Amma dayanacağı zəbt edən və etdiyi bu qayda pozuntusuna haqq qazandıran sürücülərə də rast gəlinib. Avtobus dayanacağını zəbt edən və sahibi müəyyənləşməyən nəqliyyat vasitələri isə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən evakuasiya edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu istiqamətdə tədbirləri bundan sonra da mütəmadi qaydada davam etdirəcəklər.