Yol polisi Şabranda reyd keçirib
Şabran, 14 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Şabran Rayon Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barədə müvafiq tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, “Təmiz hava” aylığı çərçivəsində keçirilən reyd zamanı yol polisi əməkdaşları sürücülərin diqqətinə çatdırıb ki, nasaz nəqliyyat vasitələrini idarə etməsinlər. “Yol hərəkəti haqqında” qanuna görə, hər bir sürücü nəqliyyat vasitəsini saz vəziyyətdə və qaydalar çərçivəsində saxlamağa borcludur. Bu, sürücülərin qanunla nəzərdə tutulmuş vəzifələrindən biridir.
Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdır. Çünki onlar həm özləri, həm də sərnişinlər üçün təhlükə yaradırlar. Sürücülər öz vəzifələrini dərk edərək özlərini və digərlərini zəhərli qazlardan qorumaq məqsədilə qaydalara riayət etməli və nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalıdırlar.