SİYASƏT
Yu Ki Cun: Koreya Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan Respublikasının ədalətli mövqeyini dəstəkləyir
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Koreya Respublikasının hakim “Senuri” Partiyasının və Milli Assambleyasının üzvü, Məhkəmə Sistemində İslahat üzrə Xüsusi Komitəsinin sədri Yu Ki Cunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə X.Xələfov Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olması hakim partiyaları arasında münasibətlərin inkişafına təkan vermişdir.
İqtisadi, mədəni, turizm və humanitar sahələrdə əlaqələrdən danışan nazir müavini Koreya Respublikasının şirkətlərinin Azərbaycan Respublikasında fəaliyyətini, ölkəmizdə həyata keçirilən layihələrdə iştirakını xüsusi vurğulamışdır.
X.Xələfov ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu, parlamentlərarası münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulanmışdır. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışan nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Koreya Respublikasının ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə əminliyini bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Koreya yarımadasındakı gərginliyin diplomatik yolla həllinin tərəfdarıdır.
Koreya Respublikasının son 50 ildə keçdiyi inkişaf yolundan danışan Y.K.Cun ölkəsinin Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd etmişdir.
Qonaq Koreya yarımadasındakı gərginliyin aradan qaldırılması ilə bağlı Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Y.K.Cun vurğulamışdır ki, Koreya Respublikası bu məsələnin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.