İDMAN
Yunan-Roma güləşçilərimiz Avropa çempionatını 2 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurublar
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, çempionatın sonuncu günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib.
Millimizin üzvü Murad Məmmədov (60 kq) ilk görüşdə ispaniyalı Daniel Bobilloya tam üstünlüklə qalib gəlib - 8:0. M.Məmmədov dörddəbir finalda moldovalı Vitali Yeriomenkonu yolundan kənarlaşdırıb - 6:1. Təmsilçimiz yarımfinalda türkiyəli Kerem Kamala uduzub - 0:8. Həmyerlimiz bürünc medal uğrunda rumıniyalı Razvan Arnautla güləşib. Rəqibinə 5:2 hesabı ilə qalib gələn M.Məmmədov Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Həsrət Cəfərov (67 kq) səkkizdəbir finalda almaniyalı Vitalis Lazovskidən güclü olub - 9:1. H.Cəfərov növbəti mərhələdə polşalı Mateuş Bernateki 5:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. Güləşçimiz finalın bir addımlığında türkiyəli Murat Firara məğlub olub - 0:2. H.Cəfərov serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşib. Rəqibini 8:1 hesabı ilə üstələyən güləşçimiz Avropa üçüncüsü olub.
Ülvi Qənizadə (72 kq) ilk görüşdə almaniyalı Samuel Belşeidi xalçadan məyus yola salıb - 5:1. Ü.Qənizadə dörddəbir finalda bolqar Deyvid Dimitrovla mübarizə aparıb. Qarşılaşmanın gedişində 0:4 hesabı ilə geridə olan pəhləvanımız möhtəşəm geri dönüş edərək tam üstünlüklə qalib gəlib - 13:5. Təmsilçimiz yarımfinalda gürcü Şmaqi Bolkvadzeyə 1:4 hesabı ilə məğlub olub. Güləşçimiz bürünc medal görüşündə litvalı Kristupas Sleyvayla üz-üzə gəlib. Qarşılıqlı xalların qazanıldığı maraqlı qarşılaşmada sevinən tərəf Ü.Qənizadə olub - 14:7. Beləliklə, güləşçimiz də bürünc medalçıların sırasına qoşulub.
İkiqat Avropa çempionu Rafiq Hüseynov (82 kq) startda çexiyalı Petr Novakı 5:1 hesabı ilə üstələyib. R.Hüseynov dörddəbir finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0. Güləşçimiz final yolunda moldovalı Mixail Braduya da gücünü göstərib - 2:0. Beləliklə, titullu idmançımız üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. R.Hüseynov həlledici görüşdə gürcü Gela Bolkvadze ilə qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn R.Hüseynov üçüncü dəfə Avropa çempionu olub. Bununla da o Azərbaycan yunan-Roma güləşi tarixində ən çox Avropa çempionu olan idmançı kimi yeni rekord müəyyənləşdirib.
Millimizin üzvü Murat Lokyayev (97 kq) səkkizdəbir finalda finlandiyalı Arvi Savolaynenlə bacarmayıb - 1:7. Ancaq rəqib finala yüksəldiyi üçün güləşçimiz üçüncü yer uğrunda mübarizə aparmaq şansı əldə edib. M.Lokyayev təsəlliverici görüşdə yunanıstanlı Laokratis Kesidisə vaxtından əvvəl qalib gəlib - 11:1. Təmsilçimiz bürünc medal uğrunda görüşdə avstriyalı Daniel Qastla 1:4 hesabı ilə uduzub və çempionatı beşinci pillədə başa vurub.
Beləliklə, Avropa çempionatının sonuncu günündə güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanıblar. Yunan-Roma güləşçilərimiz ümumilikdə qitə birinciliyində 2 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edib. Ötən gün yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıblar.
Sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıblar. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala yiyələnib.