İQTİSADİYYAT
Yunanıstan hökuməti TAP boru kəməri layihəsinə 50 illik lisenziya verib
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, lisenziya boru kəmərinin Yunanıstandan keçən hissəsində tikinti işlərinin aparılması üçün verilib və müddəti 50 ildir. Lisenziyada boru kəmərinin kompressor və ölçmə stansiyalarının, həmçinin digər avadanlıqların quraşdırılması, kəmərin tikintisi ilə bağlı işlərin aparılması üçün icazənin alındığı göstərilir.
Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoidə Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Azərbaycan qazı TAP vasitəsilə Avropaya 2019-cu ilin sonunda nəql olunacaq.