SİYASƏT
YUNANISTAN SÜRƏTLƏ İNKİŞAF EDƏN AZƏRBAYCAN İLƏ ƏLAQƏLƏRİN HƏRTƏRƏFLİ İNKİŞAFINDA MARAQLIDIR
Bakı, 7 may (AZƏRTAC). Bakıda səfərdə olan Yunanıstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Konstantinos Tsiaras mayın 7-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Milli Məclisin sədri demişdir ki, Azərbaycan ilə Yunanıstan arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərimiz inkişaf edir. Münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusi qeyd edən O.Əsədov demişdir ki, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər əməkdaşlıq üçün yaxşı hüquqi baza yaratmışdır. Azərbaycan Prezidentinin 2009-cu ilin fevralında Yunanıstana dövlət səfəri əlaqələrimizin inkişafı üçün yeni səhifə açmışdır. Parlamentlərimiz yaranmış imkanlardan maksimum istifadə etməli, münasibətlərimizin daha da genişlənməsinə və dərinləşməsinə töhfə verməlidir.
O.Əsədov özünün 2008-ci ildə Yunanıstana səfəri, eləcə də Yunanıstan parlamenti sədrinin müavininin Azərbaycan parlamentinin 90 illik yubileyində iştirakını məmnunluqla xatırlamış, deputatlarımızın beynəlxalq təşkilatlarda əməkdaşlığını yüksək qiymətləndirmişdir.
Yunanıstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Konstantinos Tsiaras 2007-ci ildə Azərbaycana səfərini xatırlamış, ötən müddət ərzində Azərbaycanda aparılan quruculuq-abadlıq işlərini yüksək qiymətləndirmişdir. O demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında Yunanıstana dövlət səfəri dövlətlərimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafında yeni mərhələ açmışdır. Yunanıstan sürətlə inkişaf edən Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır və bunun üçün yaxşı imkanlar var. Parlamentarilərin belə səfərləri də əlaqələrimizin möhkəmləndirilməsinə töhfə verir.
Sonra görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, beynəlxalq tədbirlərdə birgə əməkdaşlıq, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.