DÜNYA
Yunanıstan yenidən meşə yanğınları ilə üz-üzədir
Afina, 5 iyul, AZƏRTAC
Yunanıstanın Pelopones yarımadasının şimal-qərbində güclü meşə yanğını davam edir.
Bu barədə AZƏRTAC-a ölkənin Yanğınsöndürmə Xidmətinin mətbuat katibliyindən məlumat verilib.
Yanğın Axaya şəhəri yaxınlığındakı Elis (İlyas) bölgəsində baş verib. Yaşayış binalarına birbaşa təhlükə yarandığından 4 yaşayış məntəqəsinin sakinləri təxliyə edilib. 195-dən çox yanğınsöndürən, 7 piyada qrupu və 48 xüsusi texnika yanğınla mübarizə aparır. Bundan əlavə, meşə yanğınının söndürülməsinə helikopterlər və təyyarələr də cəlb olunub. Yunanıstanda yayın gəlişi və isti hava ilə birlikdə yanğın mövsümü də başlayıb. Ölkə ərazisində ümumilikdə 53 meşə yanğını qeydə alınıb.
Yanğınsöndürmə Xidmətinin məlumatına görə, bu yay yanğın təhlükəsi baxımından çox çətin keçəcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina