“YUVENTUS”UN BAŞ OFİSİNDƏ AXTARIŞ APARILIR
İtaliya futbol klubları baş menecerlərinin telefon danışıqları dinlənildikdən sonra Roma, Neapol və Turin şəhərləri prokurorluqları rəhbərlərinin iclası keçirilmişdir. Prokurorlar bu istiqamətdə fəaliyyətin əlaqələndirilməsi barədə razılığa gəlmiş və cinayət işləri bir neçə istiqamətdə aparıldığından, təhqiqat sahələrini öz aralarında bölmüşlər.
Mayın əvvəlində müstəntiqlər aşkar etmişlər ki, 2004-2005-ci illər İtaliya çempionatlarının 19 oyununda hakimlərin təyin edilməsi qaydaları pozulmuşdur. Bundan sonra İtaliya milli futbol liqasının və “Yuventus”un rəhbərliyi istefa vermişdir. Belə ki, həmin oyunların 12-si “Yuventus”un iştirakı ilə keçirilmişdir.
İstintaq məlumatına görə, “Yuventus”un başçısı Luçiano Moci hakimlərin seçilməsi qaydalarına təsir göstərmiş, bir dəfə isə nəzərdə tutulmuş ssenari üzrə hərəkət etməyən hakimi ciddi tənbeh etdikdən sonra soyunub-geyinmə otağına salmış və qapını bağlayıb getmişdir. Buna görə Mociyə qarşı adam oğurluğu faktı üzrə cinayət işi qaldırılmışdır.
Bundan əlavə, “Yuventus”oyunçularının dopinq qəbul etməsi barədə faktlar da aşkara çıxarılmışdır. Komandanın rəhbərinin nüfuzu sayəsində onlar cinayət məsuliyyətindən canlarını qurtarmışlar.
Demək olar, hər gün İtaliyanın futbol aləmində korrupsiya, himayəçilik və maliyyə fırıldaqları ilə bağlı faktlar üzə çıxır. Məlum olmuşdur ki, “Yuventus”un bəzi oyunçuları görüşün nəticəsini əvvəlcədən bilərək, mərc bağlayırmışlar.
İtaliya milli futbol liqasına fövqəladə komissar təyin edilmişdir. Ölkənin hazırkı çempionunun səhmlərinin qiyməti birjada kəskin surətdə aşağı düşmüşdür. İndi komandanı nəinki çempion adından məhrum edə, hətta “B” qrupuna keçirə bilərlər.
Qalmaqal İtaliyanın futbol aləmində böyük əks-səda doğurmuşdur. Ən böyük mənəvi zərbə isə azarkeşlərə dəymişdir. İtaliyada bir çox şərhçiləri belə bir sual düşündürür: görəsən, siyasətçilərin, o cümlədən “Milan”ın sahibi Silvio Berluskoninin bu fırıldaqlardan xəbəri yoxmu?
İtaliya parlamenti Deputatlar palatasının sədri Fausto Bertinottinin fikrincə, nə qədər ki, idman klublarının səhmləri birjada satılır, futbol isə milyardlarla dolların dövr etdiyi biznesə çevrilmişdir, maliyyə qalmaqalları labüddür.