DÜNYA
Yuxuda öyrənmək mümkündür?
Bakı, 22 mart (AZƏRTAC). Amerika alimləri yuxu zamanı yaddaşın yenidən aktivləşdirilməsi imkanına dair dəlilləri sınaqdan keçirmək qərarına gəlmişlər. Onlar tədqiqat iştirakçılarına fortepianoda iki musiqini ifa etməyi öyrətmişlər. Sonra saat yarımlıq yuxu müddətində iştirakçılar üçün bu musiqilərdən birini ifa etmişlər.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, “Computerworld” jurnalının məlumatına görə, həmin musiqi yuxunun yavaş fazası zamanı zəif tonlarda yenidən canlandırılmışdır. Sınaq iştirakçılarını oyadaraq onlardan iki yaxşı öyrəndikləri musiqini ifa etməyi xahiş etdikdə, iştirakçılar yuxuda olarkən eşitdikləri musiqini ifa etdikləri zaman daha az səhvə yol vermişlər.
Beləliklə, yuxuda xarici dil öyrənməyin mümkünlüyü haqqında əfsanələrin həqiqətə uyğun olduğu məlum olmuşdur. Tədqiqatçıların gəldiyi nəticələrə görə, bu üsulla yeni bilik əldə etmək yox, biliyi möhkəmləndirmək mümkündür.