DÜNYA
Yuxusuzluğun sonu şizofreniyadır
Bakı, 25 yanvar (AZƏRTAC). Alimlər çoxdan diqqət yetirmişlər ki, daimi yuxu problemləri və onun qıtlığı psixikada problemlərin yaranmasına gətirib çıxarır. Yuxusuzluq dalğınlıq, pis əhval-ruhiyyə, depressiya, narahatlıq və bipolyar pozğunluqdan başqa, sən demə, bəzi hallarda şizofreniya ilə nəticələnə bilər.
Müəyyən edilmişdir ki, sosial təcrid və müalicə metodlarının tətbiqi dərəcəsindən asılı olmayaraq, bütün şizofreniklər eyni zamanda yuxusuzluqdan əziyyət çəkirlər. Onlar çətinliklə yuxuya getmələrindən, yataqda uzun müddət ora-bura çevrilmələrindən sağlam insanlara nisbətən daha tez-tez şikayətlənirlər. Bundan əlavə, onlar gecə tez-tez yuxudan oyanır, səhərlər isə böyük çətinliklə yataqdan qalxırlar. Nəticədə gündüzlər yuxulu gəzir, bir neçə saat yatmağa çalışır, axşamlar isə yuxuya gedə bilmirlər.
Tədqiqat işlərinə rəhbərlik edən Oksford Univesitetinin professoru Rassel Foster bildirmişdir ki, eksperimentlərin nəticələri qəti şəkildə iddia etməyə imkan verir ki, yuxu insanlar üçün həyati zərurətdir. Doktor Fosterin fikrincə, yuxu, yemək su içmək qədər əhəmiyyətlidir. Onun çatışmazlığı bilavasitə beynin fəaliyyətinə təsir göstərir.