MƏDƏNİYYƏT
“Yüz il də Vurğuna Xavər yar olsun!”
Bakı, 7 mart, Zərəngiz Mansurova, AZƏRTAC
Martın 17-də Səməd Vurğunun ev-muzeyində mətanətli insan, gözəl ana, vəfalı həyat yoldaşı, Əməkdar Mədəniyyət İşçisi Xavər Vəkilovanın 100 illiyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə nazirlik və idarələrin əməkdaşları, yazıçı və şairlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Muzeyin direktoru Nüşabə Vəkilova Xavər xanımın ömür yolundan söhbət açıb. O, sələfi Xavər Əhmədbəy qızının 1918-ci il martın 13-də Dərbənd şəhərinin məşhur şəxsiyyətlərindən olan Nağıbəy Mirzəbəyli sülaləsinə məxsus ailədə dünyaya göz açdığını, mükəmməl təhsil aldığını, Bakı Dövlət Universitetini bitirdiyini söyləyib.
“Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadə Xavər Vəkilovanın ailəsinə, övladlarına, ömür-gün yoldaşının irsinə münasibətindən söhbət açıb.
Natiq böyük şairin vəfatından sonra onun üç övladını böyüdüb, tərbiyə etmiş, onların yazıçı, şair və ictimai xadim kimi yetişməsində əvəzsiz xidmətləri olan Xavər Vəkilovanın təşkilatçılıq qabiliyyətini də yüksək qiymətləndirib. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Səməd Vurğunun yubileylərinin yüksək səviyyədə keçirilməsinə fəal təşkilatçı kimi kömək göstərən X.Vəkilovanın həm də 1975-ci ildən ömrünün sonunadək şairin ev-muzeyinin direktoru kimi fəaliyyət göstərdiyini söyləyib.
Qeyd edib ki, Xavər Vəkilovanın əməyi ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib, o, Əməkdar Mədəniyyət İşçisi adına və Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy, Xavər xanımın ailə qohumu, A.Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıblı, şairə Zərəngiz Qayalı, Vurğun ailəsinin yaxınları ürək sözlərini söyləyib, xatirələrini bölüşüblər.
Mərasimdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Əməkdar İncəsənət Xadimi Ülviyyə Hacıbəylinin fortepianoda ifası dinlənilib. Muzeyin əməkdaşlarının və “AYTAM” Uşaqların mədəni maariflənməsi İctimai Birliyinin üzvlərinin ifasında S.Vurğunun müxtəlif dövrlərdə həyat yoldaşına həsr etdiyi şeirlər səsləndirilib.