MƏDƏNİYYƏT
Zahirəddin Məhəmməd Babur və XVI əsr özbək ədəbiyyatına dair qısa məlumat kitabı nəşr olunub
Bakı, 14 may, AZƏRTAC
Mərkəzi Asiya xalqları tarixində teymurilər dövrü (XIV - XV əsrlər) mədəniyyəti xüsusilə fərqlənir. Bu dövrdə elm və mədəniyyət müxtəlif sahələrdə inkişaf etdi, dünyada tanınan məşhur alimlər yetişdi. O dövrə mənsub həmin şəxsiyyətlərdən biri də zəngin yaradıcılıq irsi olan şair, yazıçı, tarixçi, coğrafiyaçı, etnoqraf, ensiklopedik zəka sahibi, həm də uzaq Hindistanda böyük türk dövləti qurmuş dövlət xadimi Zahirəddin Məhəmməd Baburdur.
AZƏRTAC xəbər verir ki, bu günlərdə nəşr olunmuş “Zahirəddin Məhəmməd Babur və XVI əsr özbək ədəbiyyatı: Əlişir Nəvai adına Dövlət Ədəbiyyatı Muzeyi ekspozisiyası əsasında qısa məlumat kitabı” belə bir girişlə başlayır. Kitabda XVI əsr özbək ədəbiyyatının böyük hissəsini təşkil edən sənətkarların - Zahirəddin Məhəmməd Babur, Kamran Mirzə, Gülbadam Bəyim, Məhəmməd Salih, Şeybani Xan, Məclisi və Paşa Xoca yaradıcılığı haqqında qısa məlumatlar təqdim olunur. Kitabdakı məlumatlar dörd dildə - Azərbaycan, özbək, rus və ingilis dillərində tərcümə olunur.
Kitab Özbəkistanın Beynəlxalq Babur Fondu və Beynəlxalq Babur Fondunun Azərbaycan bölməsinin nəşridir. Kitabı Azərbaycan dilinə uyğunlaşdıran və nəşrə təqdim edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır.