CƏMİYYƏT
Zaqatala rayonunda avtomobili nömrəsiz idarə edən sürücü məsuliyyətə cəlb olunub
Bakı, 10 fevral, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətdə olan və üzərində dövlət nömrə nişanı olmayan avtomobili idarə edən sürücüyə “Saxla” əmri veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı N.Əliyevin atasına məxsus avtomobili sürücülük hüququ olmadan idarə etdiyi müəyyənləşib. Onunla profilaktik söhbət aparılıb və nəqliyyat vasitələrinin dövlət nömrə nişanı olmadan idarə edilməsinə qanunvericiliklə icazə verilmədiyi bildirilib.
Sürücü N.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) və 342.7-ci (Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə) maddələri ilə protokol tərtib olunub.