REGİONLAR
Zaqatala rayonunun təsərrüfatlarında payızlıq taxıl səpininə başlanılmışdır
Zaqatala, 4 oktyabr (AZƏRTAC). Zaqatala rayonunun təsərrüfatlarında 2013-cü ilin məhsulu üçün payızlıq taxıl səpininə başlanılmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari mövsümdə rayonda 12 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Səpin üçün 3470 ton yüksək reproduksiyalı toxum fondu ayrılaraq laboratoriya müayinəsindən keçirilmişdir. Səpin kampaniyasında iştirak edəcək 250 ədəd təkərli traktor, 30 ədəd taxılsəpən aqreqat, 80 ədəd mala və digər texnika saz vəziyyətə gətirilmişdir.
Qanıx çayı sahilində yerləşən təsərrüfatlarda artıq bir neçə yüz hektar sahəyə arpa toxumu səpilmişdir. Fermerlər səpin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün səylə çalışırlar.
Cari mövsümdə zaqatalalı fermerlər 12 min 39 hektar taxıl sahəsindən 28 min tondan artıq məhsul əldə etmişlər.
Təsərrüfatlarda taxıl səpini davam edir.