CƏMİYYƏT
Zaqatala və Şamaxı rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş vermişdir
Bakı, 25 iyun (AZƏRTAC). Şəmkir rayon sakini Fərid İbrahimov idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla Zaqatala rayonunda yolu keçən Zümrüd Osmanovanı vurub hadisə yerindən qaçmışdır.
Sonradan F.İbrahimovun idarə etdiyi həmin nəqliyyat vasitəsi Rövşən Mustafayevin sürdüyü “VAZ-2106” markalı avtomaşınla toqquşmuşdur.
Hadisə nəticəsində xəsarət almış Z.Osmanova, R.Mustafayev və avtomobilindəki sərnişinləri - həyat yoldaşı Xəyalə, qızı Sevda, habelə F.İbrahimov və onun sərnişini Orxan Quliyev xəstəxanaya yerləşdirilmişlər. Xəyalə orada keçinmişdir.
Şəmkir rayonunun Qasımallar kəndində isə Abşeron rayon sakini Anar Rüstəmovun idarə etdiyi “Ford” markalı yük avtomobili Ağdam rayon sakini Yaşar Alıyevin sürdüyü “VAZ-21015” markalı avtomaşınla toqquşmuşdur.
Hadisə nəticəsində Y.Alıyevin avtomobilindəki sərnişinlərindən Kürdəmir rayon sakini Valeh Vəliyev dünyasını dəyişmiş, xəsarət almış sürücü və digər sərnişini - Kürdəmir rayon sakini Zamiq Qafarov isə xəstəxanaya yerləşdirilmişlər.
Şamaxı rayonunda rayon sakini Tahir Məmmədovun idarə etdiyi “VAZ-2107” və Qobustan rayon sakini Mais Abdullayevin sürdüyü “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşdur.
Xəsarət almış hər iki sürücü xəstəxanaya yerləşdirilmişdir. M.Abdullayev orada ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.